Ruanda soyqırımı: 800 min ölümə yumulan fransız gözü | Dosye

      Ruanda soyqırımı:    800 min ölümə yumulan fransız gözü    | Dosye
  13 Noyabr 2023    Oxunub:3791
Ötən ay Bakıda keçirilən “Neokolonializm: İnsan Hüquqlarının Pozulması və Ədalətsizlik” mövzusunda beynəlxalq konfransın iştirakçılarına göndərdiyi məktubda prezident İlham Əliyev Ruandadakı soyqırımını xatırladaraq, yazırdı: “26 mart 2021-ci ildə tarixçilərdən ibarət Komissiya tərəfindən Fransa Prezidentinə təqdim edilmiş “Fransa, Ruanda və Tutsi soyqırımı (1990-1994)” adlı sənəddə 1994-cü ildə Ruandada tutsi qəbiləsinin 800 mindən çox üzvünün qətlə yetirilməsində Fransanın böyük məsuliyyət daşıdığı vurğulanmışdı”.
Ruandada baş vermiş həmin hadisə Fransanın ən yeni tarixindəki dəhşətli ləkələrdən biridir. Çünki XX əsrin sonlarında baş vermiş həmin faciə göstərir ki, Fransa kimi dövlətlərin qeyri-insani sifətləri heç də qədim dövrlərdə qalmayıb, imkan düşən kimi günü bu gün də davam edir.


2019-cu il, aprelin 7-də Emmanuel Makron Fransanın bu cinayətdəki rolunu öyrənmək üçün xüsusi komissiya yaratmışdı. İki il sonra, martın 26-da tarixçilər öz işlərinin nəticələrini ona təqdim etdilər. Bundan sonra Makron tutsi xalqının soyqırımında Fransanın roluna görə üzr istəməyə məcbur oldu. O, Fransanın qırğın xəbərdarlığına məhəl qoymamaqla genosidi faktiki dəstəklədiyini etiraf etmişdi.


1990-cı illərin əvvəllərində Ruandada baş verən faciəli hadisələrdə Fransanın rolu təxminən otuz ildir ki, Paris ilə Kiqali arasında mübahisə və gərginliyə səbəb olurdu. Həqiqətin üzə çıxmasının çətinliyi onunla izah edilir ki, həmin dövrün arxiv sənədlərindən məxfilik qrifi hələ də götürülməyib.

Arxivlər tam açılmadı

2019-cu ilin aprelində, faciəli hadisələrdən 25 il sonra prezident Emmanuel Makron Parisin Ruanda siyasətindəki “qaranlıq ləkələri” aydınlaşdırmaq üçün xüsusi tarixi komissiya yaradıldığını və ona Fransa Respublikasının bütün arxivlərinə giriş icazəsi verdiyini elan etdi. Komissiyaya fransız tarixçisi Vensan Dyukler rəhbərlik edirdi.

Onlarla alimin iki illik əməyinin nəticəsi olan hesabat 8000 sənəd, əlyazmalar, diplomatik məktub və teleqramlar, analitik qeydlər, müdafiə şurası iclaslarının protokolları və digər arxiv mənbələri əsasında hazırlanmışdı. Prezidentin vəd etdiyi kimi, komissiya Xarici İşlər Nazirliyinin, Müdafiə Nazirliyinin, Xarici Kəşfiyyat Xidmətinin (DGSE) məxfi arxivlərinə, həmçinin prezident Fransua Mitteranın şəxsi arxivinə giriş əldə etmişdi.


Amma buna baxmayaraq, hadisələrin üstünün tam açılması üçün vacib olan bir çox sənədlər öyrənilməmiş qaldı. Tarixçilər 1998-ci ildə Ruandada baş verən hadisələrlə bağlı parlament komissiyasından materialları verməyi tələb etsələr də, imtina cavabı alıblar. Jan-Kristof Mitteranın (dövlət başçısının oğlu, 1992-ci ilin iyuluna qədər Afrika üzrə müşaviri) arxivini tapmaq mümkün olmayıb. Komissiyanın Ruanda rejiminin bəzi simalarına ordenlərin verilməsi haqqında məlumat almağa çalışdığı Fəxri Legion ofisi də çoxsaylı müraciətlərə cavab verməyib. Xarici Təhlükəsizlik Baş İdarəsi (DGSE) də arxivlərini tam məxfilikdən çıxarmayıb.

Prezidentə təqdim olunan yekun sənəd 1200 səhifədən ibarət idi. Hesabat müəllifləri vurğulayırlar ki, onlar hadisələrdə iştirak edən şəxsləri günahlandıran hakim rolunu öz üzərlərinə götürmürlər. Soyqırımında günahkar olanların müəyyən edilməsi və cəzalandırılması Beynəlxalq Tribunalın vəzifəsidir. Dyükler Komissiyasının işi tutsilərin soyqırımı dövründə Fransa dövlətinin Ruanda hadisələrində iştirakı ilə bağlı məsələlərə yönəldilib və giriş icazəsi verilən sənədlərlə məhdudlaşır.


Parisin Ruanda hadisələrində iştirakı məsələsi ilə 1998-ci ildə keçmiş nazir Pol Kilesin rəhbərliyi ilə yaradılmış xüsusi parlament komissiyası da məşğul olub. Bununla belə, tarixçilər qeyd edirlər ki, onun həqiqəti üzə çıxarmaq üçün “nə real imkanları, nə də böyük həvəsi” var idi.

Fransanın qanlı maraqları

1990-cı ildə Fransanın Sosialist Prezident Fransua Mitteran Afrika-Fransa sammitində Afrika dövlətləri liderlərini demokratik dəyişikliklərə səsləyir. Bu çıxış Fransa ilə Afrika ölkələri arasında münasibətlərdə dönüş nöqtəsi hesab olunur. Yelisey Sarayı sonrakı illərdə Ruanda ilə münasibətlərini məhz bu kontekstdə nəzərdən keçirib. O zaman hakimiyyətdə olan hutu xalqının nümayəndəsi Juvenal Habiarimana Fransanı demokratik dəyişikliklərə hazır olduğuna əmin edib. Və Paris özünü ona inanmış kimi göstərib. Reallıqda isə Habiarimana rejimi Mitteran üçün Fransanın maraqlarına cavab verən bir hökumət kimi maraqlı idi.


Elə həmin 1990-cı ildə Ruandaya qonşu Uqanda tutsi üsyançıları Ruanda Vətənpərvər Cəbhəsini (RPF) yaradaraq, Habiarimana hökumətini devirmək üçün mübarizəyə başlayırlar. Paris RPF-yə Britaniyanın maraqlarını həyata keçirən vasitə kimi baxırdı. Buna görə də Habiarimana rejiminin tutsi üsyançılarına qarşı amansız hərəkətlərinə göz yumurdu.

Dövlət bazarı

Hesabatın fəsillərindən biri Mitteranın prezidentliyi dövründə dövlət institutlarının fəaliyyətindəki problemlərə həsr olunub. Vurğulanır ki, bir çox məsələlər aid olduğu nazirlik və idarələrdən yan keçməklə həllini tapıb. Hökumət qərarlarının qəbulu qaydalarından sistematik şəkildə kənaraçıxmalar olub. Mitteranın hərbi məsləhətçiləri “Ruanda dosyesi”ndə xüsusi rol oynayıblar. Xüsusilə də, söhbət Ruanda ilə əlaqələrə cavabdeh olan rəsmilərlə müntəzəm birbaşa əlaqədə olan general Jan-Pyer Huşondan gedir. Bu əlaqələr çox vaxt qeyri-rəsmi kanallar vasitəsilə həyata keçirilirdi. Göstərişlər şifahi şəkildə verilir, yazılı olanda alınan mesajı dərhal məhv etmək tələb olunurdu. Mütəxəssislər bu cür təcrübənin anormal olduğunu təsdiqləyiblər.


Hesabatda nümunələrdən biri kimi Fransanın Kiqali səfirliyindəki hərbi attaşe, polkovnik Qaliyedən sitat gətirilib. O, RPF hücumunun arxasında qonşu Uqanda hakimiyyətinin dayandığını bildirib. Belə yanaşma beynəlxalq ictimaiyyətin gözündə Fransanın müdaxiləsini qanuniləşdirməyə kömək etməli idi.


Bütün bunlar elə bir vəziyyətə gətirib çıxarıb ki, prezidentin Şəxsi Hərbi Qərargahı (dövlət başçısı ilə ordu arasında qarşılıqlı fəaliyyətə cavabdeh olan xüsusi qurum) Mitteranın razılığı ilə Ruanda ilə bağlı qərarların qəbulu mərkəzinə çevrilib. Bəzi məmurlar buna qarşı çıxıblar. Məsələn, müdafiə naziri Pyer Joks prezident Mitterana şifahi göstərişlərin qeyri-şəffaflığı, siyasi və inzibati məsuliyyətin olmaması təcrübəsini dəyişdirməyi təklif edib. Lakin ona heç bir cavab verilməyib.

Kulminasiya

1994-cü il aprelin 6-da prezident Habiarimanın Kiqaliyə yaxınlaşan təyyarəsi raketlə vuruldu. Onun ətrafındakılar dərhal terror aktının məsuliyyətini RPF qiyamçılarının üzərinə atdılar. Terror xəbəri tutsilərə və mötədil hutu nümayəndələrinə qarşı qırğınların başlamasının siqnalı oldu. Fransız kəşfiyyatının Habiarimana qarşı terror aktının arxasında onun öz çevrəsindəki ekstremistlərin ola biləcəyi barədə xəbərdarlıqlarına baxmayaraq, Kiqalidəki səfir Jan-Mişel Marlo Parisə “terrorda RPF qüvvələrinin ehtimal olunan iştirakı” barədə məlumat göndərir.


Habiarimanın öldürülməsindən üç gün sonra, aprelin 9-da Fransanın Kiqalidəki səfirliyində hutu radikallarının çoxluq təşkil etdiyi Ruanda müvəqqəti hökuməti yaradılır. İki gün sonra, aprelin 11-də səfir Marlo Parisdən Fransa vətəndaşlarının və səfirliyin Kiqalidən təxliyəsini xahiş edir. Həmin günlərdə ölkənin hər yerində tutsilərə və onları himayə edın hutulara qarşı kütləvi qətllər, zorlamalar və işgənçələr baş verirdi.


Fransanın xarici işlər naziri Alen Jüppe Ruanda hökumətinin tutsilərə qarşı törətdiyi soyqırımı yalnız mayın 18-də elan edir. Münaqişənin hər iki tərəfindəki mülki əhalinin müdafiəsi üçün nəzərdə tutulan Fransanın hərbi “Turkuaz” əməliyyatı iyunun 22-də başlayacaqdı. Bu vaxta qədər əksəriyyəti tutsi xalqının nümayəndəsi olan 800 minə yaxın ruandalı 100 gün davam edən soyqırımın qurbanı olur.

Nəticə
Fransa irqçi cinayətləri təşviq edən bir rejimi uzun müddət dəstəkləyib. Bu rejimin ən radikal ünsürlərinin soyqırımı hazırlığına laqeyd qalıb. Soyqırımı zamanı onu həyata keçirən müvəqqəti hökumətlə münasubətləri pozmağa tələsməyib. Ruandada ilk həftələrdə məhv edilmiş tutsilərin əksəriyyətinin həyatını xilas etmək imkanı olsa da, əməliyyatı gecikdirib. “Fransa hakimiyyəti irqçi, korrupsioner və repressiv rejimə kor-koranə dəstək nümayiş etdirib”, - ekspertlərin rəyində deyilir.


Tutsilərin soyqırımında Fransanın rolu məsələsi Paris və Kiqali arasında münasibətləri uzun müddətə korlayıb. 2006-cı ildən 2009-cu ilə qədər ölkələr hətta diplomatik əlaqələri kəsiblər. 2014-cü ildə Ruanda Vətənpərvər Cəbhəsinin yaradıcısı və ölkənin hazırkı prezidenti Pol Kaqame "soyqırımının hazırlanmasında Fransanın birbaşa rol oynadığını" və "onda birbaşa iştirak etdiyini" bildirib.

Samir Quliyev
AzVision.az


Teqlər: Fransa   Ruanda  





Xəbər lenti